.83.
əl-Mutəffifin (Çəkidə və ölçüdə aldadanlar) surəsi
(Məkkədə nazil olmuşdur, 36 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
VipHost.Biz
əl-Mutəffifin (Çəkidə və ölçüdə aldadanlar) surəsi
(Məkkədə nazil olmuşdur, 36 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
- Vay halına çəkidə və ölçüdə aldadanların!
- O kəslər ki, özlərini insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar,
- Onlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əskildərlər.
- Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?!
- Özü də dəhşətli bir gündə?!
- O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin (Allahın) hüzurunda duracaqlar!
- Xeyr! Şübhəsiz ki, pis əməllərə uyanların (kafirlərin) əməl dəftəri (şeytanların əməllərinin yazıldığı və ya Cəhənnəmin ən alt təbəqəsi olan) Siccindədir!
- Sən nə bilirsən (haradan bilirsən) ki, Siccin nədir?! (Və ya: Siccin nədir, bilirsənmi?)
- O, yazılı bir kitabdır!
- O gün vay halına yalan sayanların!
- O kəslər ki, haqq-hesab gününü yalan sayarlar.
- Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar.
- Ayələrimiz ona oxunduğu zaman: “(Bunlar) qədimlərin əfsanələridir (uydurmalarıdır!)” – deyər.
- Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır.
- Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar!
- Sonra Cəhənnəmə varid qalacaqlar.
- Sonra da onlara: “Bu sizin (dünyada) yalan saydığınız (Cəhənnəmdir)!” deyiləcəkdir.
- Xeyr! (Möminlərlə kafirlər eyni ola bilməzlər). Şübhəsiz ki, yaxşı əməl və itaət sahibi olan möminlərin əməl dəftəri (Allahın ən müxlis bəndələrinin əməlləri yazıldığı və ya Cənnətin ən yüksək mərtəbəsi olan) İlliyyundadır!
- Sən nə bilirsən (haradan bilirsən) ki, İlliyyun nədir?!
- O, yazılı bir kitabdır.
- Onu ancaq (Allaha) yaxın olan mələklər görə bilər!
- Həqiqətən, yaxşı əməl və itaət sahibi olan möminlər Nəim cənnətlərində olacaqlar.
- Onlar taxtlar üstündə (əyləşib Allahın hazır etdiyi nemətlərə) tamaşa edəcəklər.
- Sən (ey Peyğəmbər!) onların üzlərində cənnət sevinci görəcəksən!
- Onlara (gözəl ətirli, təmiz) möhürlü (qablarda olan) şərab (rəhiq) içirdiləcəkdir.
- Onun (içində rəhiq olan qabın) möhürü müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar!
- Ona təsnim (suyu) qatılmışdır.
- O (təsnim) elə bir çeşmədir ki, ondan (təmiz halda) yalnız (Allaha) yaxın olanlar içər (qalanlara isə o rəhiq şərabına qatılıb verirlər).
- Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər.
- (Möminlərin) yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər.
- Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar.
- Onlar (möminləri) gördükdə: “Doğrusu, bunlar (haqq yoldan) azanlardır!” – deyirdilər.
- Halbuki onlara (möminlərə) nəzarətçi göndərilməmişdir.
- Bu gün isə möminlər kafirlərə güləcəklər.
- Onlar taxtlar üstündə (əyləşib) baxacaqlar (ki, görsünlər).
- Kafirlər öz əməllərinin cəzasını aldılarmı?! (Əlbəttə, aldılar!)
VipHost.Biz