.56.
əl-Vaqiə (Vaqiə) surəsi
(Məkkədə nazil olmuşdur, 96 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
VipHost.Biz
əl-Vaqiə (Vaqiə) surəsi
(Məkkədə nazil olmuşdur, 96 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
- Qiyamət vaqe olacağı (qopacağı) vaxt
- Onun vaqe olmasını heç kəs təkzib edə (dana) bilməz!
- O (kimini) alçaldacaq, (kimini də) ucaldacaqdır.
- Yer hərəkətə gəlib şiddətlə titrədiyi,
- Dağlar parça-parça olub ovxalandığı
- Və toz kimi səpələndiyi zaman
- Siz (ey insanlar!) üç zümrəyə ayrılacaqsınız:
- Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əllərinə verilənlər). Kimdir o sağ tərəf sahibləri? (Nə uğurludur onlar!)
- Sol tərəf sahibləri (əməl dəftərləri sol əllərinə verilənlər). Kimdir o sol tərəf sahibləri? (Nə uğursuzdur onlar!)
- Və öndə olanlar. Onlar (dünyada Allah yolunda, imanda, əməldə, xeyirdə öndə olduqları kimi, axirətdə də) öndədirlər! (Nə xoşbəxtdir onlar!)
- Onlar (Allah dərgahına, Allahın lütfünə) yaxınlaşdırılmış kimsələrdir.
- Onlar Nəim cənnətlərində olacaqlar.
- (Öndə olanların) çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən),
- Biz azı da axırıncılardandır (Muhəmməd əleyhissəlamın ümmətindəndir).
- (Onlar qızıl-gümüş, ləl-cavahiratla) bəzənmiş taxtlar üstündə qərar tutacaq,
- Onlara (o taxtlara) söykənib bir-biri ilə qarşı-qarşıya əyləşəcəklər.
- Onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar;
- (Cənnət bulağından axan) məin (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə.
- (Dünyadakı şərabdan fərqli olaraq) ondan başları ağrımaz və keflənməzlər.
- (O cavan xidmətçilər Cənnətdə olanların) bəyənib seçdikləri meyvələr
- Və istədikləri hər cür quş əti ilə (onların dövrəsində fırlanacaqlar).
- (Onlar üçün orada) iri (ahu) gözlü, qəşəng hurilər də vardır.
- (O hurilər rəng və gözəllikcə) sanki sədəf içində gizlənmiş (qorunub-saxlanmış) incidirlər.
- Onlar (bu nemətlərə dünyada) etdikləri (yaxşı) əməllər müqabilində nail olacaqlar.
- Onlar orada (Cənnətdə) nə boş söz, nə də günaha bais olan bir şey eşidəcəklər.
- Eşitdikləri söz ancaq “salam” olacaqdır.
- Sağ tərəf sahibləri! (Əməl dəftərləri sağ əllərində olanlar!) Kimdir o sağ tərəf sahibləri?
- (Onlar) tikansız sidr ağacları,
- Salxım-salxım sallanmış möüz (banan) ağacları altında;
- Çəkilməyən (daimi) kölgəliklərdə;
- Axar su kənarında;
- Bol meyvələr –
- Tükənməz və qadağan edilməyən (meyvələr) içində
- Və (bir-birinin üstünə yığılmış) hündür döşəklər üstündə (yaxud yüksək əxlaq və qeyri-adi gözəllik sahibi olan qadınlar yanında) olacaqlar!
- Şübhəsiz ki, Biz onları (huriləri) başqa cür (yeni bir yaradılışla, doğulmadan) yaradacağıq!
- Onları bakirə qızlar,
- Ərlərini sevən, həmyaşıdlar edəcəyik.
- Sağ tərəf sahibləri (əməl dəftəri sağ əllərinə verilənlər) üçündür onlar!
- (Onların) bir çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən),
- Bir çoxu da axırıncılardandır (bu ümmətdəndir).
- Sol tərəf sahibləri! (Əməl dəftərləri sol əllərinə verilənlər!) Kimdir o sol tərəf sahibləri?
- (Onlar) səmum yeli (qızmar atəş) və qaynar su içində,
- Qapqara duman kölgəsində olacaqlar!
- (O kölgə başqa kölgələrdən fərqli olaraq) nə sərin, nə də xoşagələndir.
- Onlar bundan əvvəl (dünyada) naz-nemət içində idilər.
- Özləri də böyük günah içində (Allaha şərik qoşmaqla) israr edib dururdular.
- Və belə deyirdilər: “Əcaba, biz öldükdən, toz-torpaq və sür-sümük olduqdan sonra, həqiqətən, yenidən dirildiləcəyikmi?!
- Yaxud bizdən əvvəl gəlib-getmiş atalarımız da dirildiləcəklərmi?!”
- (Ya Peyğəmbər!) De: “(Sizdən) əvvəlkilər də, sonrakılar da,
- Məlum bir günün (qiyamət gününün) müəyyən bir vaxtında mütləq (məhşərə) cəm ediləcəklər.
- Sonra, siz ey (haqq) yoldan azanlar, (haqqı) dananlar!
- Şübhəsiz ki, zəqqum ağacından (onun meyvəsindən) yeyəcəksiniz,
- Qarınlarınızı onunla dolduracaqsınız.
- Üstündən də (sizə bərk yanğı gəldiyi üçün) qaynar su içəcəksiniz.
- Özü də onu susuzluq xəstəliyinə tutulmuş (dəvə) kimi içəcəksiniz.
- Bu onların haqq-hesab günündəki ziyafətidir.
- (Ey kafirlər!) Biz sizi (yoxdan) yaratdıq. Məgər (qiyamət günü yenidən dirildiləcəyinizi) təsdiq etməzmisiniz?
- Bəs (bətnlərə) axıtdığınız nütfəyə nə deyirsiniz?
- Ondan (insan) yaradan sizsiniz, yoxsa Biz?!
- Sizin aranızda ölüm (kimin nə vaxt öləcəyini) əvvəlcədən Biz müəyyən etdik. Və Biz əsla aciz (önünə keçilməsi mümkün olan) deyilik,
- (Sizi yox edib) yerinizə sizin kimiləri gətirməkdən (sizi başqaları ilə əvəz etməkdən) və sizi özünüz də bilmədiyiniz başqa bir şəkildə yaratmaqdan!
- And olsun ki, siz ilk yaradılış (dünyaya necə gəldiyinizi) bilirsiniz. Elə isə (sizi yenidən diriltməyə qadir olduğumuz barədə) heç düşünmürsünüz?!
- Bəs əkdiyiniz (toxuma) nə deyirsiniz?
- Onu bitirən sizsiniz, yoxsa Biz?!
- Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də mat-məəttəl qalıb:
- “Biz ziyana uğramış,
- Bəlkə, (hələ ruzidən də) məhrum olmuş kimsələrik!” (deyərdiniz).
- Bəs içdiyiniz suya nə deyirsiniz?
- Onu buluddan endirən sizsiniz, yoxsa Biz?!
- Əgər istəsəydik, onu acı (bir su) edərdik. Elə isə niyə (Allahın nemətlərinə) şükür etmirsiniz?
- Bəs (yaş ağacdan) yandırdığınız oda nə deyirsiniz?
- Onun ağacını yaradan sizsiniz, yoxsa Biz?
- Biz onu (sizi cəhənnəm odu ilə qorxutmaqdan ötrü) ibrət dərsi və səhrada olan müsafirlərin faydalanması üçün yaratdıq.
- Belə olduqda (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını müqəddəs tutub zikr et!
- Ulduzların (bürclərdəki) mənzillərinə (yaxud doğub-batdığı yerlərə) and olsun ki –
- Kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz –
- (Sizə oxunan) bu (kəlam) çox qiymətli Qurandır.
- (O, Allah dərgahında) qorunub saxlanılan bir Kitabdadır (lövhi-məhfuzdadır, yaxud lülələnib bükülmüş kağızlardadır).
- Ona yalnız pak olanlar toxuna bilər!
- (O) Aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
- İndi siz bu kəlamı yalan sayırsınız? (Bu sözümə məhəl qoymursunuz?)
- Ruzinizə şükür etməli olduğunuz halda, onu yalanmı hesab edirsiniz?
- (Can) boğaza yetişdiyi (ölüm gəlib çatdığı) zaman
- Siz (ona) baxıb durursunuz (əlinizdən heç bir şey gəlmir).
- Biz ona sizdən daha yaxınıq, amma siz (bunu) görmürsünüz!
- Əgər sizdən (dediyiniz kimi, qiyamət günü əməllərinizə görə) haqq-hesab çəkilməyəcəksə,
- Və əgər (“öləndən sonra heç bir dirilmə, haqq-hesab yoxdur” sözünü) doğru deyirsinizsə, bəlkə, (o çıxan canı) geri (bədənə) qaytarasınız?!
- Amma əgər (ölən kimsə Allah dərgahına, Allahın lütf və mərhəmətinə) yaxın olanlardandırsa,
- (Onu) rəhmət, gözəl ruzi (yaxud xoş ətirli çiçəklər) və Nəim cənnəti gözləyir!
- Əgər o, sağ tərəf sahiblərindəndirsə (əməl dəftəri sağ əlinə verilənlərdəndirsə),
- (Ona özü kimi olan yoldaşlarının dili ilə: ) “Sağ tərəf sahiblərindən sənə salam olsun!” (deyiləcəkdir).
- Əgər (ölən kimsə Allahın ayələrini, möcüzələrini) yalan sayanlardan və yoldan azanlardandırsa,
- (Ona) qaynar su ziyafəti veriləcək
- Və özü də Cəhənnəmə atılacaqdır.
- Şübhəsiz ki, bu, təkzibolunmaz həqiqətdir!
- Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs tutub zikr) et! (Və ya: Sən Rəbbini o böyük adı ilə təsbih et!)
VipHost.Biz