.54.
əl-Qəmər (Ay) surəsi
(Məkkədə nazil olmuşdur, 55 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
VipHost.Biz
əl-Qəmər (Ay) surəsi
(Məkkədə nazil olmuşdur, 55 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
- O saat (qiyamət) yaxınlaşdı və ay (Peyğəmbərin möcüzəsi ilə) parçalandı.
- Əgər müşriklər (Muhəmməd əleyhissəlamın peyğəmbərliyinin həqiqiliyini təsdiq edən) bir möcüzə görsələr, (imandan) üz döndərib: “(Bu, uzun müddət) davam edən bir sehrdir!” – deyərlər.
- Onlar (ayın parçalanmasını, digər möcüzələri və Peyğəmbər əleyhissəlamı) təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır! (Əzəldən müəyyən edilmiş hər bir iş, o cümlədən islam dini və Muhəmməd əleyhissəlamın peyğəmbərliyi bərqərar olacaqdır!)
- And olsun ki, onlara (pis əməllərdən) çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.
- (Bu Quran) olduqca böyük hikmətdir. Lakin (inanmayanlara, qəlbləri möhürlənənlərə oradakı) qorxutmalar (öyüd-nəsihət) heç bir fayda verməz!
- Artıq (ya Peyğəmbər!) sən onlardan üz çevir. Carçının (İsrafilin) onları olduqca pis (dəhşətli) bir şeyə (məhşərə) çağıracağı günədək!
- Onlar (o gün) gözlərini zəlilanə aşağı tikib (ətrafa) səpələnmiş çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.
- Kafirlər (boyunlarını qabağa uzadıb) carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!” – deyəcəklər.
- Bunlardan (Məkkə müşriklərindən) əvvəl Nuh qövmü (öz peyğəmbərini) təkzib etmiş və bəndəmizi (Nuhu) yalançı sayıb: “(Bu) divanədir!” – demişdilər. Ona (risaləti təbliğ etmək) qadağan edilmişdi.
- (Nuh) Rəbbinə dua edib: “Mən (öz qövmümüm içində) məğlub oldum, buna görə də (onlardan) intiqam al!” – dedi.
- Biz (onun duasını qəbul edərək) göyün qapılarını sel kimi axan bir yağışla açdıq.
- Yeri yarıb (oradan) bulaqlar qaynatdıq. Nəhayət, (göydən axan və yerdən qaynayan) sular (lövhi-məhfuzda) əzəldən müəyyən edilmiş bir iş üçün (tufan məqsədilə) bir-birinə qovuşdu.
- Biz Nuhu (ona iman gətirənlərlə birlikdə) taxtadan düzəlmiş və mismarlanmış gəmiyə mindirdik.
- (Qövmü tərəfindən) inkar edilmiş kimsəyə (Nuha) mükafat olaraq verilən (gəmi) gözümüzün qabağında (nəzarətimiz altında) üzüb gedirdi.
- And olsun ki, Biz onu (tufan hadisəsini, yaxud Nuh qövmünün başına gələnləri sonrakı nəsillərə) ibrət üçün saxladıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!
- Bir (görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!
- And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!
- Ad (qövmü də öz peyğəmbərinə) təkzib etmişdi. (Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!
- Biz (əzabı) uzun sürən nəhs bir gündə onların üstünə uğultulu (çox soyuq) bir külək göndərdik.
- O, adamları kökündən qopmuş xurma kötükləri kimi (yerindən) qopardıb atırdı.
- (Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!
- And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!
- Səmud (qövmü də Saleh peyğəmbərin onlara etdiyi) təhdidləri (xəbərdarlıqları) yalan saymışdı.
- Onlar demişdilər: “Məgər biz özümüzdən olan (adi) bir adamamı tabe olacağıq?! Biz onda haqq yoldan azmış və dəlilik etmiş olarıq!
- Məgər içərimizdən vəhy yalnız onamı nazil olmuşdur?! Xeyr, o, yalançının, lovğanın biridir!”
- (Biz Saleh peyğəmbərə təsəlli verib dedik:) “Onlara kimin yalançı, kimin lovğa olduğunu sabah mütləq biləcəklər!
- Biz onları imtahana çəkmək üçün bir dişi (maya) dəvə göndərəcəyik. Onların nə edəcəyini gözlə və (əziyyətlərinə də) döz!
- Və onlara suyun (dəvə ilə) onlar arasında bölüşdürüldüyünü xəbər ver! (Suyu bir gün onlar, bir gün də dəvə içəcəkdir). Hərə öz növbəsində hazır olsun!”
- Nəhayət, onlar öz yoldaşlarını (Qudar ibn Salifi) çağırdılar. O da (dəvəni) tutub kəsdi.
- (Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!
- Biz onlara bircə dəhşətli (tükürpədici) səs (Cəbrailin qışqırtısını) göndərdik, dərhal (heyvanlar üçün) ağıl düzəldənin istifadə etdiyi quru ota (həşəmə) döndülər.
- And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!
- Lut qövmü də (peyğəmbərlərinin onlara etdiyi) təhdidləri (xəbərdarlıqları) yalan saymışdı.
- Biz də onların üstünə daş yağdıran yel göndərdik (başlarına daş yağdırdıq), yalnız Lutun ailəsini səhər çağı xilas etdik;
- Dərgahımızdan bir lütf olaraq! Biz (nemətimizə) şükür edəni belə mükafatlandırırıq!
- And olsun ki, (Lut) onları Bizim əzabımızla qorxutmuş, onlar isə bu təhdidlərə (xəbərdarlıqlara) şübhə edib inanmamışdılar.
- Cəlalıma and olsun ki, onlar (Lutdan) öz qonaqlarını (mələkləri) onlara təslim etməyi tələb etmişdilər. Biz də onları kor etdik (və) “İndi əzabımı və təhdidlərimi dadın!” - (dedik).
- And olsun ki, səhər tezdən onları əbədi (qiyamətədək onlardan əl çəkməyən) bir əzab yaxaladı (məhv olub həmişəlik Cəhənnəmə vasil oldular).
- (Onlara: ) “İndi əzabımı və təhdidlərimi dadın!” (dedik).
- And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!
- And olsun ki, Bizim təhdidlərimiz (xəbərdarlıqlarımız Musa vasitəsilə) Firon əhlinə də gəlib çatmışdı.
- Onlar ayələrimizin (möcüzələrimizin) hamısını yalan hesab etdilər. Biz də onları yenilməz qüvvət, qarşısıalınmaz intiqam sahibinə yaraşan bir əzabla yaxaladıq.
- (Ey Qüreyş əhli!) Sizin kafirlərin onlardan nəyi yaxşıdır?! Yoxsa (əvvəlki ilahi) kitablarda sizin üçün bəraət (əzabdan qurtuluş hökmü) vardır?!
- Yoxsa onlar: “Biz (Muhəmməd və möminlərdən) intiqam ala biləcək bir zümrəyik!” – deyirlər?
- (Bədr vuruşunda) bu dəstə mütləq məğlub olacaq və arxa çevirib qaçacaqdır!
- Xeyr, onların əsl əzab vaxtı qiyamət günüdür. Qiyamət gününün əzabı daha acıdır (daha şiddətlidir).
- Şübhəsiz ki, günahkarlar (dünyada) haqq yoldan azmışlar və (axirətdə də) cəhənnəm odu içərisində olacaqlar. (Yaxud günahkarlar heyrət, yanlışlıq və dəlilik içindədirlər).
- O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək (və onlara): “Duyun Cəhənnəmin (ələmini) təmasını!” (deyiləcəkdir).
- Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq.
- Bizim buyurduğumuz bir göz qırpımında yerinə yetər! (Hər hansı bir şeyi yaratmaq istədikdə ona bircə dəfə: “Ol !” – deyərik, o da dərhal olar!)
- And olsun ki, Biz sizin kimiləri (çox) məhv etmişik. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!
- Onların etdiyi hər şey (əməllərinin yazıldığı) dəftərlərdədir!
- Hər bir kiçik və böyük (günah lövhi-məhfuzda) yazılmışdır!
- Şübhəsiz ki, müttəqilər (axirətdə) cənnət bağlarında və çaylar kənarında,
- (Heç bir yersiz söhbətə və günaha təhrik olunmayan) haqq məclisində, qadir hökmdarın (Allahın) hüzurunda olacaqlar!
VipHost.Biz