.13.
ər-Rəd (Göy gurultusu) surəsi
(Məkkədə, bəzi təfsirçilərə görə isə tamamilə, yaxud qismən Mədinədə nazil olmuşdur, 43 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
VipHost.Biz
ər-Rəd (Göy gurultusu) surəsi
(Məkkədə, bəzi təfsirçilərə görə isə tamamilə, yaxud qismən Mədinədə nazil olmuşdur, 43 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
- Əlif, Lam, Mim, Pa! Bunlar Kitabın (Quranın) ayələridir. Rəbbindən sənə nazil olan (Quran) haqdır, lakin insanların (Məkkə müşriklərinin) əksəriyyəti (ona) inanmaz.
- Gördüyünüz göyləri dirəksiz olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan (ərş üzərində bərqərar olan), müəyyən vaxta (dünyanın axırına – qiyamətə) qədər (səmada) dolanan Günəşi və Ayı ram edən, bütün işləri yoluna qoyan, ayələri müfəssəl izah edən məhz Allahdır. (Bütün bu dəlillərdən sonra) Rəbbinizlə qarşılaşacağınıza (qiyamət günü dirilib haqq-hesab üçün hüzurunda duracağınıza), bəlkə, inanasınız!
- Yeri (insanların və başqa canlıların yaşaya bilməsi üçün) döşəyən (uzadıb genəldən), orada möhkəm dağlar, çaylar yaradan, bütün meyvələrdən (erkək-dişi, yaxud şirin-acı, turş-meyxoş və s. olmaqla) cüt-cüt yetişdirən, gecəni gündüzlə (gündüzü də gecə ilə) örtüb bürüyən Odur. Şübhəsiz ki, bunda (bütün bu deyilənlərdə) düşünən insanlar üçün (Allahın qüdrətini və vəhdaniyyətini sübut edən) neçə-neçə dəlillər vardır!
- Yer üzündə bir-birinə yaxın (qonşu) qitələr (münbit, qeyri-münbit, şirin-şoran, dağlıq-aran yerlər, müxtəlif iqlimli torpaq sahələri), eyni su ilə sulanan üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Halbuki Biz yemək baxımından onların birini digərindən üstün tuturuq. Şübhəsiz ki, bunda da anlayıb dərk edən insanlar üçün (Allahın qüdrətinə və vəhdaniyyətinə dəlalət edən) əlamətlər vardır.
- (Ya Rəsulum!) Əgər (müşriklərə) təəccüblənirsənsə, əsl təəccübləniləsi (əsl təəccüb doğuran şey) onların: “Biz torpaq olduqdan sonra yenidənmi yaradılacağıq?” – söyləməsidir. Onlar Rəbbini inkar edənlərdir. Boyunlarında zəncir olanlar da (boyunlarına zəncir vurulacaq kəslər də) onlardır. Onlar cəhənnəmlikdirlər, özü də orada əbədi qalacaqlar.
- (Müşriklər) səni tələsdirib (özlərinə) yaxşılıqdan əvvəl pislik (Allahın mərhəmətindən qabaq əzabını) istəyirlər. Halbuki onlardan öncə (Allaha asi olan tayfalar, xalqlar barəsində) bu kimi (ibrətamiz) cəzalar olub keçmişdir. Həqiqətən, Rəbbin insanların zülmünə baxmayaraq onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!
- Kafir olanlar: “Məgər ona Rəbbindən bir möcüzə endirilməli deyildimi?” – deyirlər. Sən ancaq (insanları Allahın əzabı ilə) qorxudansan. Hər tayfanın (doğru yol göstərən) bir rəhbəri (peyğəmbəri) vardır!
- Allah hər bir dişi məxluqun (bətnində) nə daşıdığını (oğlan, yaxud qız doğacağını), bətnlərin nəyi əskildib, nəyi artıracağını (qadınların bari-həmlini doqquz aydan tez, yaxud gec yerə qoyacağını, doğulacaq uşağın sağlam və xəstə olacağını, çox, yaxud az yaşayacağını) bilir. Hər şey Onun yanında müəyyən bir ölçü ilədir. (Hamının ruzisi əzəldən müəyyən edilmişdir. Hər kəsin istedadı, qabiliyyəti öz-özünə artıb-əskilməz. Allahın bilmədiyi heç bir şey yoxdur. )
- O, qeybi də, aşkarı da biləndir, (hər şeydən) böyükdür, ucadır! (Allah eyibsizdir, nöqsansızdır. Onun heç bir şəriki yoxdur!)
- Sizdən sözünü gizlədən də, onu açıq deyəndə, gecənin qoynunda gizlənən də, gündüz aşkar gəzib dolanan da (Allah üçün) eynidir. (Allah kimin nə etdiyini bilir. Heç bir şey Ondan gizli qalmaz).
- (İnsan üçün) onu öndən və arxadan təqib edənlər (mələklər) vardır. Onu (insanı) Allahın əmri ilə qoruyurlar. Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz. Əgər Allah hər hansı bir qövmə bir pislik yetirmək istəsə, onun qarşısı heç cür alına bilməz və Ondan başqa onların heç bir hamisi də olmaz.
- Sizə qorxu və ümid (bir tərəfdən ildırımın verəcəyi tələfatdan qorxmaq, digər tərəfdən də yağış istəmək) məqsədilə şimşək göstərən, (yağışla yüklənmiş) ağır buludları yaradan da Odur.
- Göy gurultusu Onun şəninə təriflər deyir, mələklər də (Allahın) qorxusundan (Onu öyüb mədh edirlər). O, ildırımlar göndərib (kafirlər) Allah barəsində mübahisə edərkən onlarla istədiyini vurar. Allahın cəzası şiddətlidir! (Allah yenilməz qüvvət sahibidir!)
- Haqq olan (qəbul edilən) dua yalnız Ona (Allaha) olan duadır. Ondan başqasına edilən dualar (Ondan qeyrisinə ibadət edənlərin duaları) qəbul olunmaz (bütlər, tanrılar onların dualarını əsla eşitməzlər). (Müşriklərin vəziyyəti quyu üstündə duraraq) ağzına su gəlmək üçün iki ovcunu açan (dili və əlləri ilə quyuya işarə edərək ovcunun su ilə dolmasını gözləyən), lakin (quyu heç bir şey anlamadığı üçün) suyun ona yetişmədiyi adamın vəziyyətinə bənzəyir. (Bütlər də belədir, çünki onlar görməz, eşitməz və dərk etməzlər). Kafirlərin duası zəlalətdən (puç, mənasız sözlərdən) başqa bir şey deyildir!
- Göylərdə və yerdə kim varsa, (özləri də), kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edər! (Yer üzündəki möminlər sidqi-ürəkdən, kafirlər və münafiqlər isə ürəkdən istəməyərək, lakin dünyada müəyyən bir mənfəət əldə etmək xatirinə və ya kiminsə, nəyinsə qorxusundan Allaha səcdə edərlər!)
- (Ya Rəsulum!) De: “Göylərin və yerin Rəbbi kimdir?” (Kafirlər bu sualın qarşısında aciz qaldıqda) de: “Allahdır!” De: “Belə olduqda, Onu qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilənlərimi (bütləri, tanrılarımı) özünüzə dost (hami) edirsiniz?!” De: “Heç korla görən (kafirlə mömin) və ya zülmətlə nur (küfrlə iman) eyni ola bilərmi?! Yoxsa onlar (müşriklər) Allaha Onun yaratdığı kimi yaradan şəriklər qərar verdilər və onların nəzərincə bu yaratma bir-birinə bənzər göründü?!” De: “Allah hər şeyin xaliqidir. O birdir, qəhr edəndir (hər şeyə gücü yetən, hər şeyə qalib gələndir!)”
- Allah göydən bir yağmur endirdi, vadilər öz tutumlarına görə onunla dolub daşdı. (Sudan əmələ gələn) sel, üstünə çıxan bir köpünü alıb apardı. (Haqq din olan islam insanlara, torpağa həyat verən suya, müşriklərin etiqadı isə boş köpüyə bənzər). Bəzək şeyləri və ya əşya (qab-qacaq) düzəltmək məqsədilə insanların od üzərində qızdırıb əritdikləri (qızıl, gümüş və s. filizlərin) üstündə də buna bənzər bir köpük vardır. Allah haqq ilə batili (sizdən ötrü) ayırd etmək üçün belə misallar çəkir. Köpük heç bir şey olmadığı üçün uçub gedər. İnsanlara fayda verən bir şey isə yer üzündə qalar. Allah belə misallar çəkir!
- Rəbbinin dəvətini qəbul edənləri (Allaha və Onun Peyğəmbərinə itaət edənləri) ən gözəl nemət (Cənnət) gözləyir. Rəbbinin dəvətini qəbul etməyənlər isə yer üzündə olan hər şeyə (bütün sərvətə), üstəlik bir qədərinə də malik olsaydılar, onu (Allahın əzabından qurtarmaq üçün) fidyə verərdilər (lakin kafirlərdən heç bir fidyə qəbul olunmaz). Onları çox pis (çətin) bir haqq-hesab gözləyir (heç bir günahları bağışlanmaz). Onların məskəni Cəhənnəmdir. O necə də pis yerdir!
- (Ya Rəsulum!) Rəbbindən sənə nazil edilənin (Quranın) haqq olduğunu bilən kimsə (haqqı görməyən) korla eyni ola bilərmi? Yalnız ağıl sahibləri öyüd-nəsihət qəbul edərlər!
- O kəslər ki, Allaha (yalnız Ona ibadət edəcəkləri barədə) verdikləri vədi yerinə yetirir və əhdi pozmurlar.
- O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir (qohumluq əlaqələrini qoruyub saxlayır, möminlərə hörmət edir), Rəbbindən və (qiyamət günü çəkiləcək) pis haqq-hesabdan qorxurlar.
- Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün (bu yolda bütün əziyyətlərə) səbr edir, (vaxtlı-vaxtında, lazımınca) namaz qılır, onlara verdiyimiz ruzidən (yoxsullara, ehtiyacı olanlara) gizli və aşkar xərcləyir, pisliyin qarşısını yaxşılıq etməklə alırlar (pisliyin əvəzində yaxşılıq edirlər) – məhz onları (gözəl) axirət yurdu -
- Özlərinin, həmçinin əməlisaleh ataları, övrətləri və övladlarının daxil olacaqları Ədn cənnətləri gözləyir. Mələklər də hər bir qapıdan (cənnət qapılarından) daxil olub (onlara):
- “(Dünyada Allah yolunda bütün çətinliklərə) səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdu (Cənnət) nə gözəldir!” – deyəcəklər.
- Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) qıranlar, yer üzündə fitnə-fəsad törədənlər isə lənətə düçar olacaqlar. Onları pis yurd (Cəhənnəm, o biri dünyanın pislikləri) gözləyir.
- Allah istədiyi bəndənin ruzisi bol da edər, azaldar da. (Məkkəlilər) dünya həyatı (bol ruzi) ilə sevindilər. Halbuki dünya həyatı (neməti) axirət həyatı (neməti) ilə müqayisədə çox cüzi (əhəmiyyətsiz) bir şeydir (dünya neməti müvəqqəti, axirət neməti isə əbədidir).
- Kafir olanlar: “Məgər Rəbbindən ona bir möcüzə endirilməli deyildimi?” – deyirlər. (Ya Rəsulum!) De: “Allah istədiyini (haqq yoldan) sapdırır. Tövbə edən (Allahın itaətinə qayıdan) şəxsi isə Öz hidayətinə (Özünün doğru yolu olan islam dininə) qovuşdurur”.
- O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!
- İman gətirib yaxşı işlər görənlərin xoş halına! (Onları) gözəl bir sığınacaq (Cənnət gözləyir)!
- (Ya Rəsulum! Səndən əvvəl peyğəmbərlər göndərdiyimiz kimi) səni də özündən əvvəl çoxlu ümmətlər gəlib-getmiş bir ümmətə Peyğəmbər göndərdik ki, onlar Rəhmanı (Allahı) inkar etdikləri halda, sənə vəhy etdiyimiz (Quranı) onlara oxuyasan. De: “O (Rəhman) mənim Rəbbimdir. Ondan başqa heç bir tanrı yoxdur. Mən ancaq Ona təvəkkül etdim. Axır dönüşüm (və ya tövbəm) də yalnız Onadır!”
- Əgər Quranla dağlar hərəkətə gətirilsə, yaxud yer parçalansa və ya ölülər danışsaydılar (onlar yenə də iman gətirməzdilər). (Və ya əgər aləmdə bir kitab olsaydı və onun səbəbi ilə dağlar yerindən qopardılıb hərəkətə gətirilsə, yaxud yer parçalansa və ya ölülər dirilib danışsaydılar, o kitab mütləq bu Quran olardı). Bütün işlər yalnız Allahın ixtiyarındadır. Məgər iman gətirənlərə bəlli olmadımı ki, əgər Allah diləsəydi, bütün insanları hidayətə (doğru yola) yönəldərdi? (Və ya möminlər kafirlərin iman gətirmələrindən ümidlərini üzüb bilmədilərmi ki, doğru yolu tutmaq da, ondan çıxmaq da Allahın əlindədir?). Kafirlərə gəldikdə Allahın vədi (Məkkənin fəthi) yerinə yetənədək etdikləri əmələ görə onlara bir bəla üz verməkdə davam edəcək, yaxud yurdlarının yanında dayanıb duracaqdır. (Və ya: “Ya Rəsulum! Sən öz əshabən və ordunla onların yurdunun yaxınlığında dayanıb duracaqsan”). Həqiqətən, Allah Öz vədinə xilaf çıxmaz!
- (Ya Rəsulum!) Səndən əvvəl gəlib-gedən peyğəmbərlərə də istehza edilmişdi. Mən kafirlərə möhlət verdim, sonra isə onları (əzabla) yaxaladım. Mənim onları cəzalandırmağım necə (də dəhşətli) idi! (Bir görəydin onlara nə dəhşətli əzab verdim!)
- Hər bir kəsin (dünyada yaxşıdan, pisdən) nə qazandığına nəzarət edən Allah bunu bacarmayan bütlər kimidirmi?! (Əsla yox!) (Bununla belə, müşriklər götürüb) Allaha (cürbəcür) şəriklər qoşdular. (Ya Rəsulum!) De: “Bunlara bir ad verin görək! (Axı onlar kimdirlər, nəçidirlər?) Yoxsa Allaha yer üzündə (özünə şərik) bilmədiyi bir şeyimi xəbər verirsiniz? Yaxud sözün zahirinə uyub (belə həqiqətdən uzaq şeyləri) deyirsiniz? Xeyr, kafirlərə öz hiylələri (iftiraları, Allaha qarşı uydurub düzəltdikləri yalanlar) gözəl göstərildi və onlar (haqq) yoldan döndərildilər. Əslində, Allahın zəlalətə saldığı kimsəyə doğru yolu göstərən olmaz.
- Onlar dünyada əzaba düçar olacaqlar. Axirət əzabı isə daha məşəqqətlidir. Onları Allahdan (Allahın əzabından) qurtaran olmaz.
- Allahdan qorxub pis əməllərdən çəkinənlərə (möminlərə) vəd edilən Cənnətin vəsfi belədir: (ağacları) altından çaylar axar, yeməkləri də, kölgələri də daimidir. Bu, Allahdan qorxub pis əməllərdən çəkinənlərin aqibətidir. Kafirlərin aqibəti isə Cəhənnəmdir!
- Kitab verdiklərimiz (kitab əhlinin sənə iman gətirənləri) sənə nazil etdiyimizə (Qurana) sevinirlər. (Yəhudilərdən və xaçpərəstlərdən sənə qarşı ədavət bəsləyən) elə firqələr də vardır ki, onun (Quranın) bir qismini inkar edirlər. (Ya Rəsulum!) De: “Mənə Allaha ibadət etmək, Ona şərik qoşmamaq əmr olunmuşdur. Mən (insanları yalnız) Ona (ibadət etməyə) dəvət edirəm və mənim axır dönüşüm də yalnız Onadır!” (Məhz Onun hüzuruna qayıdacağam!)
- (Ya Rəsulum!) Beləliklə, Biz onu (Quranı) ərəbcə bir hökm olaraq (insanlar arasında onunla hökm etmək üçün) nazil etdik. Əgər sənə (vəhylə) gələn elmdən (Qurandan) sonra (kafirlərin) nəfslərinin istəklərinə (puç arzularına) uysan, səni Allahın əzabından qoruyan və qurtaran olmaz! (Və ya: Sənin Allah tərəfindən nə bir dostun, nə də bir qoruyucun olar!)
- (Ya Rəsulum!) Biz səndə əvvəl də Peyğəmbərlər göndərdik, onlara zövcələr, övladlar verdik. Allahın izni olmadıqca heç bir peyğəmbər heç bir möcüzə gətirə bilməz. Hər dövrün bir kitabı (lövhi-məhfuzda yazılmış hökmü) var. (İlahi kitablardan hər birinin öz nazil olma vaxtı var. Bunlar zamanın, dövrün tələbinə və ehtiyacına görədir).
- Allah (həmin kitabdan) istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar (bəndələrinə aid hər hansı bir hökmü ləğv edib başqası ilə dəyişər və ya onu olduğu kimi saxlayar). Kitabın əsli (lövhi-məhfuz) Onun yanındadır.
- Onlara vəd etdiyimizin (əzabın) bir qismini sənə göstərsək də və ya (ondan qabaq) səni öldürsək də (Öz dərgahımıza götürsək də, fərq etməz). Sənin vəzifən ancaq (dini) təbliğ etməkdir. Haqq-hesab çəkmək isə Bizə aiddir!
- Məgər onlar (kafirlər) Bizim (hökmümüzlə, qüdrətimizlə) yer üzünə gəlib onu (müxtəlif) tərəflərindən əskiltdiyimizi (müsəlmanların get-gedə onların torpaqlarını fəth etdiklərini) görmürlərmi? Hökm edən Allahdır. Heç kəs Onun hökmünü dəf edə bilməz. (Allah) tezliklə haqq-hesab çəkəndir!
- Onlardan əvvəlkilər də (ümmətlər, tayfalar da Allahın peyğəmbərinə qarşı) tələ qururdular. Bütün hiylələrin (məkrlərin) cəzasını ancaq Allah verəcəkdir. (Allah) hər kəsin (dünyada) nə qazandığını (bütün yaxşı və pis əməllərini) bilir. Kafirlər axirət yurdunun (o dünyanın gözəl aqibətini) kimin olacağını biləcəklər!
- (Ya Rəsulum!) Kafirlər: “Sən peyğəmbər deyilsən!” – deyirlər. (Onlara) belə cavab ver: “Mənimlə sizin aranızda (doğruluğuma) Allahın və kitabı bilənlərin (Tövratı, İncili bilən mömin yəhudi və xaçpərəstlərin, yaxud Qurana bələd olan mömin müsəlmanların və ya lövhi-məhfuzdan xəbərdar olan Cəbrailin) şahid olması yetər!”
VipHost.Biz